İyulun 20-də Şuşada II Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Açılış mərasimində Prezident İlham Əliyev çıxış edib və jurnalistlərin suallarını cavablandırıb.
“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr edilmiş 2-ci Şuşa Qlobal Media Forumu iyulun 22-nə qədər davam edəcək. Forum çərçivəsində 4 panel sessiya - “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi”, “İqlim hərəkatı və media” mövzularında təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.
Forumun işində 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndəsinin iştirakı nəzərdə tutulub. “Euronews” televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin tədbirin açılışı mərasimində moderatorluq edib.
Xatırladaq ki, I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib və “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusuna həsr edilib.