İlk dəfə olaraq Milli Mətbuat Günü suverenliyi tam bərpa edilmiş Azərbaycanda keçirilir
“Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. “Əkinçi” çox çətin, mürəkkəb bir dövrdə xalqı maarifləndirmək, məlumatlandırmaq, insanlara ana dilində qəzet oxumağı aşılamaq kimi mühüm missiyaları üzərinə götürərək böyük bir jurnalistika məktəbinin əsasını qoyub. Bu il milli mətbuatımızın yaranmasından 149 il ötür.
“Əkinçi” müasirləşmə, azərbaycançılıq və digər mühüm dəyərləri təbliğ edərək, hadisələri obyektiv işıqlandıraraq Azərbaycanda azad demokratik mətbuatın gələcək inkişafının möhkəm təməlini formalaşdırıb. Onun açdığı yolu sonradan “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” və digər qəzet və jurnallar davam etdiriblər.
Medianın İnkişafı Agentliyinin, Mətbuat Şurasının və Audiovizual Şuranın təşkilatçılığı ilə Bakıda Milli Mətbuatın 149 illiyinə həsr olunmuş konfrans keçirilib.