AZƏRBAYCAN JURNALİSTLƏRİ
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
“Azərbaycan media landşaftı üzrə məlumat bazası” yaradılır

“Azərbaycan media landşaftı üzrə məlumat bazası” yaradılır

16.07.2024.  Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində ilk toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid rəhbəri olduğu qurumun təşəbbüsünə həssas yanaşdığına görə QHT Agentliyinə təşəkkürünü ifadə edib. 
MŞ sədri bildirib ki, Azərbaycan media məkanı barədə aydın təsəvvür formalaşdıran məlumat bazası yaratmaq ideyası Şuranın 2022-ci ildən nəzərdə tutduğu iş planının mühüm tərkib hissəsidir. O, belə bir bazanın vacibliyini ona duyulan ehtiyac baxımından əsaslandıraraq vurğulayıb ki, mövcud istiqamətdəki fəaliyyət mərhələli və davamlıdır. Çünki ölkəmizin media mühiti daim inkişafda, yeni seqmentlər qazanmaqdadır. “Mediamızdakı dinamika istər-istəməz palitra zənginliyi yaradır. Bu zənginlik isə ortaya institsional baxış qoyulmasını ehtiyaca çevirir. Elə bir baxış ki, ona yalnız Azərbaycanda deyil, dünyada da müraciət edilsin. Bu, informasiya cəbhəsində mübarizəmiz baxımından da önəmli faktordur”, - deyən R.Məcid layihənin qarşısına qoyduğu vəzifələrin reallaşacağına əminliyini vurğulayıb. O, eyni zamanda, layihənin icrasına göstərdiyi təşkilati dəstəyə görə Medianın İnkişafı Agentliyinə və Jurnalistlərin Həmkarlar İttifaqına təşəkkürünü bildirib.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli icra olunan layihənin əhəmiyyətini vurğulayıb. O, bu fəaliyyətin media məkanındakı pərakəndəliyin aradan qalxmasına əhəmiyətli töhfə verəcəyinə, həmçinin beynəlxalq miqyasda Azərbaycan mediası ilə bağlı ciddi təəssürat formalaşdıracağına əminliyini dilə gətirib. 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə olunması üzrə meneceri Natiq Lahıcov da Mətbuat Şurası tərəfindən qaldırılan təşəbbüsün faydalı cəhətlərindən söz açıb. O, təmsil olunduğu qurumun bunu nəzərə alaraq, müvafiq dəyərləndirilmələr apardığını və layihənin icrası üçün vəsait ayırdığını diqqətə çatdırıb.

date 16 İyul 2024 author Admin